Hər kəsə salamlar. Ubuntu-az saytında ilk yazımı yazıram. Siz bu saytda Ubuntu və ümumilikdə Linux haqqında məqalələr, xəbərlər, müzakirələr və daha çoxunu tapa biləcəksiniz. Həmçinin siz saytın sual-cavab bölümü vasitəsilə Linux haqqında suallarınıza cavab tapa bilərsiniz. Linux dünyasına addım atmazdan əvvəl bəzi əsasları bilmək lazımdır. Bu yazıda ən təməldən Linux terminlərini və çox qısa Linux tarixini sizlərə çatdırmağa çalışacam. Linux tarixi və fəlsəfəsi ilə bağlı daha geniş bir yazı da olacaq.
Əməliyyat sistemləri ilə maraqlanmısınızsa mütləq Linux adını eşitmisiniz. Bəs nədir bu Linux? Komponentləri nələrdir? Necə işləyir? Fəlsəfəsi nədir? Nəyə görə ən güclü superkompüterlərdə Linux distrubitivlərindən istifadə olunur? Bu kimi suallara yazılarımda cavab tapacağınızı ümid edirəm. Linux ilə bağlı terminləri izah etməzdən əvvəl Linux adının özünü açıqlamaq lazımdır məncə. Linux, Finlandiyalı kompüter mühəndisliyi tələbəsi Linus Torvalds tərəfindən yazılan və 1991-ci ildə ilk dəfə yayımlanan açıq qaynaq kodlu bir kerneldir(əməliyyat sistemi nüvəsi). Kernel, əməliyyat sisteminin daxildəki döyünən ürəyidir deyə bilərik. Kernel, çox qısaca: avadanlıqlar və proqramlar arasında əlaqəni təmin edən qatdır. Linux nüvəsi açıq qaynaq kodlu olduğundan istəyən hər kəs sərbəst şəkildə bu nüvəni öz proyektlərində istifadə edə, dəyişdirə və yenidən yayımlaya bilər. Bu səbəbdən Linux nüvəsi üzərində bir çox əməliyyat sistemləri yazılmışdır. Linux əsaslı əməliyyat sistemlərinə distributiv deyilir. Qeyd etdiyim kimi, Linux özü sadəcə nüvədir. Bütün bir əməliyyat sistemində adətən nüvədən başqa komponentlər də olur. Bu komponentlərə misal olaraq Gnome, KDE, Xfce kimi masaüstü mühitlərini, Firefox səyyahını, GIMP şəkil redakte proqramını göstərmək olar. Bütün bu əlavələr nüvə ilə birləşdikdə tam bir əməliyyat sistemini - distributivi əmələ gətirirlər. Linux nüvəsinin iştirakı ilə hazırlanmış GNU/Linux əməliyyat sistemini xüsusi qeyd etmək lazımdır. Bu gün mövcud olan demək olar bütün distrubitivlər GNU/Linux-a əsaslanırlar. GNU/Linux, Richard Stallman-in başçılığı ilə yaradılan GNU layihəsi çərçivəsində hazırlanmış azad proqram təminatlarının Linux nüvəsi ilə vəhdəti nəticəsində tamamlanmış, bütün bir əməliyyat sistemidir. GNU layihəsi çərçivəsində hazırlanmış azad proqram təminatları bir əməliyyat sistemində lazım olan bütün elementlərə malik idi, ən vacib bir element xaric - nüvə! Elə düz bu vaxtlarda, GNU layihəsi üçün açıq qaynaq kodlu nüvə axtarılan zaman, Linus Torvalds ilk başda ancaq öz işini görməsi üçün hazırladığı həvəskar nüvə olan Linux-u internetdə açıq şəkildə paylaşdı və Linux bütün dünyadan bir çox proqramçının dəstəyini arxasına alaraq çox sürətlə yayıldı. Həmçinin bu nüvə GNU əməliyyat sisteminin ən böyük boşluğunu da doldurmuş oldu. Beləcə, Linux nüvəsi və GNU proqramlarının birləşməsi nəticəsində GNU/Linux əməliyyat sistemi tamamlanmış oldu. GNU/Linux adı vaxt keçdikcə unuduldu və daha asan yadda qalan Linux adı qaldı. Onu da qeyd edim ki, bütün Linux distributivləri GNU elementlərindən istifadə etmir. İstisna hal olaraq bəzi distributivlər saf Linux nüvəsi üzərində sıfırdan qurulmuşdur. Məsələn: Android. Amma belə halların sayı çox azdır. Yəni GNU, ən az Linux qədər vacin rola sahibdir.
Linux-un ucu-bucağı görünməyən dəryasına daxil olmadan əvvəl aşağıdakı terminləri bilməyiniz vacibdir.
1) Distributiv: Linux nüvəsi üzərində bir çox proqramın yerləşdirilməsi nəticəsində istifadəçiyə çatmağa hazır hala gəlmiş bütün bir əməliyyat sistemini ifadə edir. Sayıları gündən günə artan yüzlərlə Linux distributivi mövcuddur. Bunların hər biri özünəməxsus məqsədlərə malikdir. Bəzi distrubitivlər server işini yerinə yetirmək, bəziləri təhlükəsizlik sistemi olaraq istifadə olunmaq, bəziləri də ev istifadəçilərinin gündəlik ehtiyyaclarını qarşılamaq üçün hazırlanmışdırlar. Debian, Ubuntu, Fedora, OpenSuse, Arch, Gentoo, Linux Mint, Manjaro distributivləri ən çox istifadə olunanlardır. Bəzi distributivlər şirkətlər və ya dövlət müəssisələri tərəfindən hazırlandığı halda bəziləri də vəqflər və ya sadəcə internet üzərinden toplanan icmalar tərəfindən hazırlanır.
2) Masaüstü mühiti: Bir əməliyyat sistemində əməliyyatlar yerinə yetirmənizi təmin edən və əməliyyat sisteminin üzərini bir qabıq kimi örtən qrafik araüzdür. Pəncərələr,ikonlar, qovluqlar və s. bunlar hamısı bu qabıqda işləyirlər. Windows-da tək masaüstü mühiti “explorer”dir. Linux üzərində isə istifadəçilər bir çox fərqli masaüstü mühiti seçiminə sahibdirlər. KDE, GNOME, LXDE, Xfce, MATE, Budgie bunlardan bir neçəsidir.
3) Live CD: Bir distributivi sərt diskinizə quraşdırmadan, heç bir dəyişiklik etmədən, bütün imkanları ilə istifadə etməyinizi təmin edən bir mühitdir. Bu gün bir çox modern GNU/Linux distributivi Live mod seçimini təklif edir. Beləliklə siz əməliyyat sistemi haqqında fikir sahibi ola bilər və ya elə o andaca əməliyyat sisteminin quraşdırılmasını gözləmədən bir çox işinizi həll edə bilərsiniz.
4) Root və ya Superuser: Ən məhşur Linux distributivlərindən biri olan Android ilə təcrübəniz varsa “root atmaq”, “rootlamaq” kimi ifadələri eşitmisiniz mütləq. Root, hər hansı bir Linux distributivindəki bütün haqlara sahib olan ən üst səviyyə istifadəçini bildirir. Sistemdəki kritik dəyişiklikləri tətbiq etməyiniz üçün(məsələn: paketləri quraşdırmaq/silmək, sistemdə qalıcı əməliyyatlar yerinə yetirmək və s.) root olmalısınız. Ancaq hər zaman root altında əməliyatlar yerinə yetirərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki siz bilmədən sisteminiz üçün çox ciddi fəsadlar törədə bilərsiniz.
5) Asılılıqlar (Dependencies): Bir çox proqramların işləməsi üçün bəzi başqa proqramlar da sistemdə qurulu olmalıdır. Məsələn bir çox oyunu Windows-da açmaq üçün lazım olan DirectX buraxılışı sistemdə qurulu olmalıdır. Linux altında bu cür lazımlı yan proqramlara və proqram kitabxanaları Asılılıq(Dependency) olaraq adlandırılır. Xülasə, asılılıqlar, bir proqramın işləməsi üçün lazım olan digər proqramlar və kitabxanalardır.
6) Bash: Windows-da olan CMD(Command Prompt)-nin qarşılığı olaraq(müqayisə etmək çox doğru olmasa da :D ) Linux distributivlərində Bash var. Bash bir əmr icraçısıdır. Yəni, Linux-da cd(iş direktoriyasını dəyişdirmək üçündür) və ya rm(faylları silmək üçündür) kimi əmrləri Terminal-da yazdığınız zaman Bash bu əmrləri qəbul edir və icra edir.
7) Terminal: Bash əmrləri yazılan araüzdür. GNU/Linux distributivlərində demək olar həmişə ön-qurulu şəkildə ən az bir Terminal emulyatoru gəlir. Terminal vasitəsilə sistemdəki demək olar hər şeyi idarə edə bilərsiniz. Məsələn proqram quraşdıra, proqram silə ya da qurulmuş olan proqramları və ya btün sistemi tək bir əmr vasitəsilə yeniləyə bilərsiniz. Bir çoxlarının düşündüyün əksinə, Linux istifadə etmək üçün tək yol terminal deyil. Terminal olmadığı halda da qrafik araüz ilə bir çox işinizi yerinə yetirə bilərsiniz. Amma Linux istifadəçiləri əsasən terminal istifadə etməyi üstün tuturlar. Nəyə görə? Çünki, terminal istifadə edərək sistem ilə hər addımda əlaqə içində bir iş görmək əyləncəli və çox daha rahatdır :)
8) X ya da X-windows: Linux istifadə edən birini görmüsünzsə, tamamilə yazılardan ibarət, DOS-a bənzəyən bir ekran ilə işləmədiklərini bilirsiniz. Bu istifadəçilərin masaüstülərində əksər hallarda arxa fon şəkli, ikonlar və daşına bilən pəncərələr, hətta şəffaflıq, animasiyalar kimi bir çox gözəl görüntü effektləri mövcud olur. Bütün bunları təmin edən sistemə X və ya X-pəncərə adı verilir. X üçün Wayland və MicroXWin də daxil olmaqla bir çox alternativler də mövcuddur. Bir reallığı unutmamaq lazımdır ki, Linux aləmində alternativlər həmişə mövcuddur :)
9) GTK və QT: GUI(Qrafik istifadəçi araüzü) alət kitləridir. Bunlar proqramçılar tərəfindən proqramlarına dizayn əlavə etmək üçün istifadə olunan kitabxanalardır və X Server üzərində işləyirlər. Bu kitabxanalar proqramların işləməsi üçün lazım olan asılılıqlardır. Fərqli masaüstü mühitləri fərqli kitabxanalardan istifadə edə bilər. GNOME əsasən GTK+ istifadə edir. KDE isə QT. Ubuntu-nun Unity mühiti isə Nux adlanan fərqli bir alət kiti istifadə edir. Buna baxmayaraq, Unity-də bir çox GNOME elementlərindən(Nautilus, Rhythmbox, və s.) də istifadə olunur.
Yazını oxuduğunuz üçün təşəkkürlər, fikrinizi bildirin zəhmət olmasa. Həmçinin gələcəkdə hansı yazıları görmək istədiyinizi də yazın. Bu ilk yazının uğurlu olmasını arzu edirəm :)
Share on Facebook Twitter
Comments